"Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir".
Ümumilli Lider Heydər Əliyev
İdeologiya insanları, bir milləti tərənnüm edən məfkurə, millətin adət ənənələrini, mədəniyyətini özündə birləşdirən istiqamət kimi qeyd edilir. İdeologiyanı insanları bir ağacın kölgəsində siyasi, hüquqi, elmi, fəlsəfi, dini, Əxlaqi, estetik düşüncələr toplusudur. Bir ideya, düşüncə, fikir əsasında formalaşan ideologiya insanları bir yola istiqamətləndirmək məfhumu kimi də qeyd edilə bilər. İdeya mütəlif istiqamətlərə yönəldiyi təqdirdə, ideologiya isə bütöv şəkildə millətin formalaşması kimi izah edilir.
Ulu Öndər Heydər Əliyev idologiya ilə bağlı mühüm fikir söyləmişdir: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etmək deməkdir.”
Azərbaycançılıq hər şeydən əvvəl bir məfkurədir.
Demokratik prinsipləri, insanın
hüquq və azadlıqlarını rəhbər tutan dövlətlər birliyinə qoşulmazdan əvvəl özünü
dərk etməyə çalışan, Avropa Şurasına, Millətlər Məclisinə öz simasında daxil
olmaq istəyən bir millətin məfkurəsidir. Bu məfkurə təkcə Azərbaycan Respublikasında yaşayan
azərbaycanlıların, təkcə Azərbaycan dövlətinin maraqlarını deyil, həm də bütün
dünyada yaşayan azərbaycanlıların milli-mənəvi maraqlarını ifadə edir.
Hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər
bir üzvü dövlətin inkişafında iştirak etməlidir. Bu, iştirak müxtəlif
formalarda özünü göstərə bilər: seçkilərdə, idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti
institutlarının inkişaf etdirilməsində, ümumilikdə vətəndaşlıq mövqeyində və
ictimai dəyərlərin qorunmasında. Cəmiyyətdə tarix boyu yaranan və insanların
şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına və güclənməsinə böyük
təsir göstərir. Azərbaycanda bu dəyərlərin məcmusu azərbaycançılıq
ideyasıdır.
Məhz buna görə Azərbaycanın ümummilli lideri Heydər
Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini
möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı,
Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq
konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın bütün dünya
azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil
Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi
xidmətidir.
Heydər Əliyev hələ sovet dövründə Azərbaycan
Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün
həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər
qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda,
təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini
təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər
Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını,
azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 90-cı illərdə
hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə
çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet
məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu
müstəqil Azərbaycanın dayağıdır. Ulu Öndər çıxışlarının birində bu barədə belə
demişdir: “Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox
olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana Vətəni unutmayasan”.
Heydər Əliyev
ilk dəfə azərbaycançılıq
ideyasını dövlətin strateji xətti kimi irəli sürəndə bu ideyanın həqiqi böyük
mənası çoxları üçün anlaşılmaz idi. Bu gün də qismən belədir. Çünki bu ideya
adi şüur səviyyəsində üzə çıxmayıb, yaxud dcklarativ bir şüar olmayıb, çox
dərin köklərə malik olan mükəmməl bir fəlsəfi konseptual sistemin ifadəsidir.
Cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən
dəyərlər sistemi mövcud olmalıdır. Onların Əsas Qanunda əks edilməsi ilə
bərabər, insanların şüurunda, düşüncələrində, qəlbində olmaları vacibdir.
Çoxmillətli Azərbaycan xalqını birləşdirən
azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və
hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümumilli lider Heydər Əliyev
1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir:
“Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi
mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu
əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün
xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu
öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq
ideyasının əsaslarını bəyan etmişdir.
Lakin azərbaycançılıq Azərbaycanın ərazisində
yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi
inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini
istəyən insanları birləşdirir. Professor Nizaməddin Şəmsizadə qeyd edir ki,
“Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır”.
Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətində milli birliyi və ümumxalq
münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və
inkişaf etdirmək məqsədini daşıyır.
Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığının
ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən
dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq,
adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini
sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı,
milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və
hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq
ideologiyasının daşıyıcısıdır.
Yorumlar
Yorum Gönder