Heydər Əliyevin Dövlət Təhlükəsizlik orqanlarında xidmətinin ulu öndərdə Azərbaycançılıq ideyalarının formalaşmasına təsiri
Heydər Əliyev 1941-ci ildən Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasında Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının Xalq Komissarları Sovetində
şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi
orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində
çalışan Heydər Əliyev 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində
işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.
O, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almışdı.
Məktəbi bitirərkən verilən xidməti xasiyyətnamədə baş leytenant Heydər Əliyevin
özünü yalnız nümunəvi tərəfdən göstərdiyi, öyrənilən fənlər üzrə imtahan və məqbullardan
əla qiymətlər aldığı, adının məktəbin “Şərəf lövhəsi”nə salındığı qeyd edilməklə
yanaşı, bildirilirdi ki, o, operativ məsələlərin həllində ən mühüm olanı
bacarıqla tapır, əməliyyat şəraitində həll yolunu sərbəst və düzgün seçir,
doğru qərarlar qəbul edərək əməliyyat sənədlərini hərtərəfli və əsaslandırılmış
şəkildə tərtib edir.
Ümummilli lider Heydər Əliyevin çox gənc yaşlarından dövlət
hakimiyyətinin mühüm strukturlarından birində - təhlükəsizlik orqanında xidmətə
başlaması, burada çalışdığı uzun illər ərzində yüksək peşəkarlığa və təşkilatçılıq bacarığına
yiyələnməsi onun həyat yolunu müəyyənləşdirən başlıca amil idi. Sovet hakimiyyəti
dövründə özünün nadir istedadı və fenomenal xüsusiyyətləri sayəsində bu orqanda
sıravi əməkdaşdan komitə sədri və general-mayor rütbəsinədək yüksəlmiş ilk azərbaycanlı
kimi adını tarixə yazdıran Heydər Əliyev, həm də müstəqil Azərbaycanın milli təhlükəsizlik
konsepsiyasının müəllifi və onun gerçəkləşməsini təmin edən səmərəli idarəçilik
sisteminin yaradıcısı oldu.
Təhlükəsizlik orqanlarının vəzifəsi şəxsiyyətin, cəmiyyətin və
dövlətin ən ümdə maraqlarını müdafiə etmək, ölkənin sabit inkişafına nail
olmaq, xarici və daxili təhlükələrə qarşı mübarizə aparmaqdır. Lakin sovet
hakimiyyəti illərində bu orqanların fəaliyyəti tamamilə siyasiləşdirilmiş,
hakim kommunist ideologiyasının tələb və prinsiplərinə tabe edilmişdi. Bu tələbləri
yerinə yetirməklə yanaşı, həm də milli düşüncəyə, doğma xalqına məxsus mənəvi-əxlaqi
dəyərlərə sadiq qalmaq xüsusi xidmət orqanı əməkdaşından böyük hünər və cəsarət
tələb edirdi. Ulu Öndər Heydər Əliyev yalnız özünün fenomenal şəxsi keyfiyyətləri
sayəsində bu çətin missiyanın öhdəsindən gəlməyi bacarmışdır.
Bir mühüm məqama da diqqət yetirmək vacibdir ki, Ulu Öndərin
xüsusi xidmət orqanı əməkdaşı kimi ierarxik yüksəlişinin başlandığı 1950-ci illərin
ortalarından etibarən sovet təhlükəsizlik orqanlarının fəaliyyəti, əsasən, cəmiyyəti
qorxu altında saxlayan qanunsuz repressiv metodlarla işləmək idi.
Belə bir faktı da unutmaq olmaz ki, repressiya illərində Azərbaycanın
təhlükəsizlik orqanlarında milli kadrlar azlıq təşkil edir, xalqımızın dəyərli
övladlarının məhv edilməsində mərkəzi siyasi hakimiyyətin iradəsini yerinə
yetirən qeyri-azərbaycanlılar, ən çox da erməni millətindən olan kadrlar fəallıq
göstərirdilər. Ulu Öndər Heydər Əliyev sonralar həmin dövr barədə danışarkən
demişdir: “Azərbaycanın təhlükəsizlik orqanlarında milli kadrların
yaranmasına imkan verilmirdi. Məhz 1950-ci illərdən, 1950-ci illərin ikinci
yarısından başlayaraq bu imkan əldə edildi. Ancaq buna nail olmaq üçün təhlükəsizlik
orqanlarında Azərbaycan xalqına zidd siyasətin həyata keçirilməsində fəallıq
göstərənləri orqanlardan uzaqlaşdırmaq, kənarlaşdırmaq lazım idi. Mənim
xatirimdədir, 1953-cü ildə Stalin vəfat edəndən sonra təhlükəsizlik
orqanlarında müəyyən struktur dəyişiklikləri əmələ gəldi. Mən o vaxt Azərbaycanın
Dövlət Təhlükəsizliyi Nazirliyinin, sonra komitəsinin Əks-Kəşfiyyat İdarəsinin
rəisi idim. O dövrü bu gün də xatırlayanda dəhşətə gəlirəm ki, biz kimlərlə işləyirdik...”.
...Ulu Öndərin dövlət təhlükəsizlik sistemindəki fəaliyyətinə nəzər
saldıqda onun əks-kəşfiyyat sahəsindəki peşəkarlığı, əməliyyat işinin təşkilində
və aparılmasındakı müqayisəedilməz səriştəliliyi diqqəti cəlb edir. Bütün
bunları o, həm özünün fitri istedadı, həm də dövlət təhlükəsizliyi üzrə aldığı
xüsusi təhsil və əməliyyat işində qazandığı təcrübə sayəsində əxz etmişdir.
Heydər Əliyevin 1950-1960-cı illərdə dövlət təhlükəsizliyi
orqanlarında xidməti uğurları və milli mənafeləri qorumaq təşəbbüsləri ona heç
də asanlıqla başa gəlməmiş, bəzən çox ciddi sınaqlara məruz qoymuşdur. Ulu Öndər
xatırlayırdı ki, həmin dövrdə dövlət təhlükəsizliyi sistemində əsas rəhbər vəzifələrdə
başqa millətlərə mənsub olan kadrlar işləyirdi, yerli kadrlar isə nəinki az
idi, üstəlik də, onların bir çoxu yüksək savada, biliyə, yaxud keyfiyyətə malik
deyildilər. Repressiya illərindən sistemdə qalmış, milli mənafelərə xilaf
çıxmış belə kadrlar Heydər Əliyevin yerli kadr potensialını yeniləmək və gücləndirmək,
say tərkibini yüksək mənəviyyatlı, millətini sevən gənclərin hesabına artırmaq
təşəbbüslərinə hər vəchlə mane olmağa çalışıb, müəyyən fitnə-fəsadlara əl
atsalar da, onun dəmir iradəsi və peşəkarlığı qarşısında aciz qalırdılar.
Heydər Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyat
idarəsinə rəhbərlik etdiyi 1956-65-ci illər ərzində, xüsusilə də komitə rəhbərliyinə
irəli çəkildiyi 1965-ci ildən sonra bu orqana milli kadrların cəlb edilməsi,
onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə irəli çəkilməsi
bu istiqamətdə mühüm addım olmuşdur. Heydər Əliyev Təhlükəsizlik Nazirliyi
sisteminə bir sıra azərbaycanlıları Abdul Xalıqov, Albert Salamov, Azad
Abdullayevi və başqalarını Dövlət Təhlükəsizlik komitəsində işə götürmüşdür. Hətta
Heydər Əliyev uzun müddət Azərbaycan təhlükəsizlik sahəsində işləyən Ağayanı vəzifədən
uzaqlaşdıraraq İlhüseyn Gülhüseyn oğlu Hüseynovu Dövlət Təhlükəsizlik Komitəsinin
idarə rəisi vəzifəsinə təyin etmişdir.
Ötən əsrin 60-cı illərində daşnak-millətçi ünsürlər torpaq
iddialarını gerçəkləşdirmək üçün Dağlıq Qarabağda fəallaşmağa başladılar.
Xüsusi xidmət orqanları bu bölgəni daim diqqətdə saxlasa da, təxribatçılar
imkan tapıb 1967-ci ilin yayında indiki Xankəndi şəhərində milli zəmində
qarşıdurma yarada, burada yaşayan azərbaycanlılar və ermənilər arasına ədavət
sala bildilər. Nəticədə bir neçə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Baş
vermiş hadisənin təfərrüatına varmadan deyək ki, məhz respublika Dövlət Təhlükəsizlik
Komitəsinin sədri kimi Heydər Əliyev birbaşa Xankəndinə gəlib, burada qalaraq
hadisələrin əsl günahkarlarının - azğınlaşmış ermənilərin ifşa edilməsinə və öz
haqlı cəzalarını almasına, eləcə də bu hadisələrə laqeydlik göstərmiş vilayət rəhbərləri
haqqında sərt tədbirlər görülməsinə nail oldu.
Məhz Ulu Öndərin səyi və birbaşa iştirakı ilə həmin dövrdən təhlükəsizlik
orqanlarında azərbaycanlıların xüsusi çəkisi sürətlə artaraq, 1980-ci illərdə
70 faizə çatmış, bu proses dinamik, dönməz xarakter almışdır. Bu dövrdə Azərbaycan
təhlükəsizlik orqanlarında formalaşmış yeni nəsil sonralar müstəqil Azərbaycanın
milli təhlükəsizlik orqanlarının kadr potensialının özəyini təşkil etmişdir. Həmin
dövrdə respublikanın təhlükəsizlik təşkilatının milliləşdirilməsini Heydər
Əliyev ən böyük nailiyyət hesab edirdi.
Azərbaycan SSR-ə rəhbərliyi dövründə
Ulu Öndər Heydər Əliyevin siyasi repressiya qurbanı olmuş böyük ədibimiz Hüseyn
Cavidin nəşinin uzaq Sibirdən gətirilərək, ata-baba yurdu Naxçıvanda dəfn edilməsi
üçün atdığı addım sovet impreriyasının hələ güclü vaxtında böyük cəsarət tələb
edirdi.
Heydər Əliyev Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi dövrdə
Böyük Vətən Müharibəsi dövründə qəhrəmanlıq göstərmiş azərbaycanlıların həqiqi
qiymətinin verilməsi uğrunda təşəbbüs göstərmiş və xalqımızın qəhrəman
oğlullarının adına layiq olan qiymətin verilməsini Moskva qarşısında qaldırmış
və buna nail olmuşdur.
Bu məqamla bağlı bir maraqlı faktı qeyd etmək yerinə düşərdi. Belə
ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsi illərində
partizan hərəkatında iştirakı və qəhrəmanlıqlar göstərməsi barədə həqiqətlərin
üzə çıxarılmasında Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Heydər Əliyev əks-kəşfiyyatçı
kimi hərbi əsir və legionerlərin işlərini araşdırarkən həmyerlimizin
partizanlıq fəaliyyətini önə çəkərək, lazımi materiallar toplamış, onun qəhrəman
kimi tanınması üçün yuxarı rəhbərlik qarşısında məsələ qaldırmışdır. Nəticədə
Mehdi Hüseynzadəyə həm ali fəxri ad verilmiş, həm də onun haqqında əsər
yazılıb, film çəkilmişdir. Respublikaya rəhbərlik etdiyi dövrdə isə Ulu Öndər
Heydər Əliyevin təşəbbüsü ilə Bakıda məşhur azərbaycanlı partizanın adını və qəhrəmanlığını
əbədiləşdirən abidə ucaldılmışdır.
Moskvada işlədiyi dövrdə də Azərbaycan
üçün çalışan Ulu Öndər Böyük Vətən Müharibəsində çox böyük qəhrəmanlıqlar göstərmiş
Həzi Aslanova ölümündən 47 il sonra, 1991-ci ildə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı
verilməsinə nail olmuşdur.
Ümummilli Lider sovet hakimiyyəti illərində Dövlət Təhlükəsizliyi
Komitəsində çalışdığı və ona rəhbərlik etdiyi dövrdə bu orqanın milli kadr
potensialını artırmaqla, milliləşdirmə siyasəti aparmaqla yanaşı, həm də
respublikada milli oyanışın, bu prosesin fəal iştirakçısı olan vətənpərvər
ziyalıların siyasi-ideoloji təqiblərdən qorunması, öz yaradıcılıqlarında xalqımızın
tarixi-mənəvi dəyərlərini təbliğ etməsi üçün hətta əfsanələşmiş, yaddaşlarda əbədi
yaşayan misilsiz fədakarlıqlar göstərmişdir. Azərbaycanın bir çox görkəmli
ziyalılarını - akademik Ziya Bünyadovu, Xəlil Rza Ulutürkü, Bəxtiyar Vahabzadəni,
Anarı və digər ədiblərimizi milli düşüncələrinə görə təqibdən məhz Heydər
Əliyev qorumuş, əslində, özünün yüksək karyerasını təhlükə altına atmaqla milli
mənafelərin açıq-aşkar müdafiəsinə qalxmışdır.
Bugünki güclü Azərbaycan Respublikasının təməli də məhz Ulu Öndərimizin
dövlət təhlükəsizlik orqanlarına və davamlı olaraq ölkəmizə rəhbərlik etdiyi
vaxtlardan qoyulmuşdur. Həmin dövrdə yüzlərlə gənc keçmiş SSRİ-nin nüfuzlu ali
məktəblərinə göndərilmiş, milli hərbi kadrların hazırlanması məqsədi ilə Bakıda
Cəmşid Naxçıvanski adına Hərbi Məktəb açılmışdır. Bunun nəticəsidir ki, hazırda
dövlətçiliyimizin möhkəmləndirilməsinə uğurla xidmət edən böyük ziyalı, alim,
mühəndis, hərbçi və digər mütəxəssis nəsli vardır. Ulu Öndər Heydər Əliyev
SSRİ-nin rəhbərlərindən olduğu vaxtda da gələcək müstəqil Azərbaycanın
iqtisadi, elmi, texniki və hərbi imkanlarının formalaşdırılmasına böyük töhfələr
vermişdir.
Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasını
uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham
Əliyevin həyata keçirdiyi ardıcıl və prinsipial daxili və xarici siyasət nəticəsində
bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq
münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutur, xalqımız rifah
və sabitlik şəraitində yaşayır.
Dövlət təhlükəsizlik orqanlarında xidmətinin Ulu Öndərdə azərbaycançılıq
ideyalarının formalaşmasına təsiri nəticəsində Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycanın gələcək müstəqilliyini
düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər görmüşdür.
Yorumlar
Yorum Gönder